01/11/2018 22:06

ANAMA ötən ay 949 ədəd partlayıcı sursat zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin oktyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, oktyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Qaradağ, Qax, Qazax, Salyan, Tərtər, Xızı, Xocavənd rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 451,263 m² (45.13 ha) ərazi yoxlanılıb, 948 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (cəmi 949 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 482 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 531,064,537 m² (53,106.45 ha) ərazi təmizlənib, 800,592 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Oktyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 19, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9 və Dövlət Sərhəd Xidmətindən 3 müraciət daxil olub. Müraciətlər əsasında 29,210 m² ərazi təmizlənib, 418 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (cəmi 419 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin oktyabr ayı ərzində Tərtər rayonu ərazisində 1 mina hadisəsi qeydə alınıb, nəticədə Həsənov Azad Kamandar oğlunun sol ayağı dizdən aşağı amputasiya olunub.