15/11/2017 10:48

ANAMA ötən gün Salyanda top mərmisi, Xızıda 723 ədəd PHS zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində noyabrın 14-də yerli sakinlər tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində dəniz sahilinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Əməliyyat axtarış zamanı 723 ədəd partlamamış hərbi sursat (PHS), 130 ədəd partlamış-yanmış mərmi qalıqları və 277 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 1 348 800 kv.m (134.88 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 69 gün ərzində Xızıda 15 939 ədəd partlamamış hərbi sursat (PHS), 7 832 ədəd partlamış-yanmış sursat qalıqları və 65 691 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 67 041 785 kv.m (6 704 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bundan başqa noyabrın 14-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Salyan rayonu, Həsənli kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və meşə zolağına baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.