12/01/2018 08:56

ANAMA: Ötən gün Xızıda 152 ədəd partlamamış hərbi sursat götürülüb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 11-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 152 ədəd partlamamış hərbi sursat (PHS), 377 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 425 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 375 800 kv.m (37.58 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 111 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Aparılan əməliyyat-axtarış zamanı 24 700 ədəd partlamamış hərbi sursat (PHS), 17 145 ədəd partlamış-yanmış sursat qalıqları və 95 831 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 78 446 169 kv.m (7 845 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.