14/10/2017 12:11

ANAMA ötən gün Xızıda 164 ədəd partlayıcı sursat aşkarlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin sursat anbarında baş vermiş partlayışla əlaqədar əməliyyatları davam etdirir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, oktyabrın 13-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 2 ferma ərazisinə, 2 əkin  sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 164 ədəd partlamamış hərbi sursat (PHS), 60 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 018 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 670 500 kv.m (67.05 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 42 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib. Nəticədə 12 035 ədəd partlamamış hərbi sursat (PHS), 5 030 ədəd partlamış-yanmış sursat qalıqları və 34 143 kq yandırma məhsulu aşkar edilərək götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.