22/11/2017 10:34

ANAMA ötən gün Xızıda 203 ədəd PHS, Cocuq Mərcanlıda UZRQM aşkar edib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində noyabrın 21-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib. Əməliyyat axtarış zamanı 203 ədəd partlamamış hərbi sursat (PHS), 218 ədəd partlamış-yanmış mərmi qalıqları və 691 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 174 000 kv.m (17.40 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 76 gün ərzində Xızıda 19 494 ədəd partlamamış hərbi sursat,  8 959 ədəd partlamış-yanmış sursat qalıqları və 69 370 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 434 785 kv.m (6 943 ha) ərazi yoxlanılıb.

Həmçinin ANAMA-nın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları çərçivəsində Cocuq Mərcanlı kəndində ötən gün ərzində  22 500 kv.m (2.25 ha) ərazi tam təmizlənib, 3 400 kv.m (0.34 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Əməliyyat axtarış zamanı 1 ədəd partlamamış hərbi sursat (UZRQM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 45 nəfərlik şəxsi heyət iştirak edir.

Ümumilikdə, 5 gün ərzində Cocuq Mərcanlıda 3 ədəd partlamamış hərbi sursat – 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib, 75 500 kv.m (7.55 ha) ərazi tam təmizlənib, 24 900 kv.m (2.49 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.