14/12/2013 11:14

ANAMA Qəbələ RLS-in ərazisində minatəmizləmə işlərinə başlayır

Agentlik Gürcüstandakı layihələrə də dəvət alıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycanın Rusiyadan yeni təhvil aldığı Qəbələ radiolokasiya stansiyasının (RLS) ərazisində mina və partlayıcı maddələrin təmizlənməsi əməliyyatlarına başlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyinəv açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, avqust ayında stansiyanın ətrafında minaların tapılması barədə xəbər əsasında baş nazirin birinci müavini Yaqub Eyyubovun tapşırığı ilə ANAMA-nın əməkdaşları tərəfindən əraziyə baxış keçirilib: “Hazırda stansiyanın ərazisi Daxili Qoşunların mühafizəsi altındadır. Orada əsgərlər 4 mina ilə rastlaşmışdılar. Bizim əməkdaşlar tərəfindən oradan daha 9 mina tapıldı”.

ANAMA direktorunun sözlərinə görə, hökumət bununla bağlı vəsait ayırıb. Gələn ilin əvvəllərində, hava şəraiti yaxşılaşdıqda stansiyanın 220 hektarlıq ərazisində və binaların içində əməliyyatlara start veriləcək. Əməliyyatların 6-8 ay davam etməsi gözlənilir.

N. İsmayılov ANAMA-nın Gürcüstanda mina və partlamamış hərbi sursatların ləğv edilməsi layihələrinə dəvət olunduğunu da qeyd edib. Onun bildirdiyinə görə, Gürcüstanda 2008-ci il müharibəsi zamanı ruslar tərəfindən dağın altında yerləşən bir tunel partladılıb, əraziyə çox sayda döyüş sursatı səpələnib.

Digər layihə isə Gürcüstanda milli mina təmizləmə potensialının yaradılmasına dəstək və həyata keçirilən işlərin qiymətləndirilməsi ilə bağlıdır.

“Gürcüstan bununla bağlı NATO-ya kömək üçün müraciət edib. Öz növbəsində, NATO tərəfi bizdən bu layihələrin həyata keçirilməsinə dəstək verməyinizi istəyir”, – deyə ANAMA direktoru vurğulayıb.

N. İsmayılov qeyd edib ki, yaxın vaxtlarda Gürcüstandan 6 nəfərlik nümayəndə heyətinin təlim məqsədilə Azərbaycana səfəri olacaq.

Qeyd edək ki, ANAMA 2011-ci ildə NATO-nun Təchizat Agentliyinin Gürcüstan Müdafiə Nazirliyinin minaaxtaran heyətinin hazırlanması məqsədi ilə elan etdiyi tenderin qalibi olub. Həmin layihə üzrə ANAMA-nın Beynəlxalq Təlim Mərkəzində Gürcüstan Müdafiə Nazirliyi üçün 60 minaaxtaran hazırlanıb.