02/10/2018 21:10

ANAMA: Sentyabrda 1346 ədəd PHS və 2 ədəd mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin sentyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xızı, Xocavənd, Şəmkir, Tərtər, Yevlax rayonları və Bakı, Gəncə, Lənkəran şəhərləri ərazisində 559,105 m² (55.91 ha) ərazi yoxlanılıb, 1 346 ədəd partlamamış hərbi sursat və 2 ədəd piyada əleyhinə mina (cəmi 1,348 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 482 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

Agentlik tərəfindən indiyədək cəmi 530,613,274 m² (53.061,33 ha) ərazi təmizlənib, 799,643 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Sentyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 13 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 10 müraciət daxil olub. Müraciətlər əsasında 32,950 m² (3,3 ha) ərazi təmizlənib, 181 ədəd partlamamış hərbi sursat aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.