02/11/2018 21:10

ANAMA tərəfindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına sertifikatlar təqdim edilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) Kinoloji qrupunun Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) təlim keçmiş bir qrup əməkdaşına sertifikatların təqdim olunması mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tədbirdə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və ANAMA-nın direktoru Qəzənfər Əhmədov iştirak ediblər.

Əvvəlcə, ANAMA-da təlim keçmiş Nazirlik əməkdaşlarının nümunəvi təlimlərinə baxış keçirilib.

ANAMA-nın əməkdaşlarının da iştirak etdikləri təlimlər zamanı şərti hadisə yerinin 100 metr radiusda ətrafındakı şəxslər təxliyə edilib, ilkin olaraq kinoloq tərəfindən əraziyə partlayıcı maddə axtarışını həyata keçirən xüsusi təlim keçmiş it gətirilib. İt müvafiq siqnal verərək (oturaraq) çantada partlayıcı maddənin olduğunu təyin edib. Bundan sonra, Minalardan təmizləmə üzrə çevik qrupun şəxsi heyəti çantada həqiqətən partlayıcı qurğunun olmasını, əgər partlayıcı qurğu varsa, onun işə düşmə prinsipini təyin etmək məqsədilə portotiv rentgen qurğusundan istifadə edib. Şəxsi heyətin həyat təhlükəsizliyinin mümkün qədər təmin edilməsi məqsədilə rentgen qurğusu robot texnikası vasitəsilə uzaqdan idarə edilərək çantanın yanına yerləşdirilib. Çantanın rentgen edilməsi nəticəsində şərti partlayıcı qurğunun olduğu müəyyənləşdirilib. Müvafiq şərait və situasiya nəzərə alınaraq partlayıcı qurğunun Su topu (disrupter) vasitəsilə zərərsizləşdirilməsi qərara alınıb. Bir nəfər mütəxəssis-istehkamçı tam təchiz oluunmuş qoruyucu geyim geyərək Su topunu çantanın yanına yerləşdirərək məsafədən partlayış üsulu  şərti partlayıcı qurğu zərərsiz hala gətirilib.

Təlimlərdən sonra XRXX-nin ANAMA-da təlim keçmiş bir qrup əməkdaşına ANAMA-nın direktoru Qəzənfər Əhmədov tərəfindən beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.