01/10/2019 11:12

ANAMA tərəfindən sentyabr ayında 579 PHS və 3 mina tapılaraq zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2019-cu ilin sentyabr ayı 579 ədəd partlamamış hərbi sursat (PHS),  1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Əməliyyatlar Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran itin iştirakı ilə aparılıb.

ANAMA tərəfindən indiyədək cəmi 537 807 552 m² (53 780,76 ha) ərazi təmizlənib. Nəticədə 804 850 ədəd mina və PHS  tapılaraq zərərsizləşdirilib.

Sentyabr ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Dövlət Sərhəd Xidmətindən 7 müraciət daxil olub. Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub və nəticədə Ağstafa, Goranboy, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 21 095 kv.m ərazi yoxlanılaraq, 67 ədəd PHS, 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.