28/09/2012 11:42

ANAMA Türkiyədə əməliyyatları başa vurdu – FOTO

16912 sursat zərərsizləşdirildiAzərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyənin Diyarbəkir şəhəri yaxınlığında, hava limanı üçün ayrılmış ərazidə əməliyyatları başa çatdırıb. Bu barədə “AzeriDefence”yə ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

Ərazidə əməliyyatlar aparıldıqdan sonra keyfiyyət yoxlamaları keçirilib, təmiz olmasına dair Türkiyənin Dövlət Hava Meydanları İşlətməçiliyi İdarəsinə (DHMİ) sertifikat təqdim olunub.

Əməliyyatları başa vurmuş ANAMA-nın heyəti və texnikası sentyabrın 23-də Azərbaycana qayıdıb.

ANAMA tərəfindən təmizlənmiş 1 101 492 kvadratmetr ərazidən 72 ədəd döyüş təyinatlı raket və 16840 ədəd müxtəlif çaplı təlim sursatları tapılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, hazırda təmizlənən ərazi vaxtı ilə hərbi aviasiyanın poliqonu olub. Əməliyyatlar zamanı ərazidən AN M65 GP, AN M64 GP, M117 GP, AN M-81, 5 inch Mk.6 MOD1, LUU-2B, MK-82 /83/84 GP tipli bombalar, müxtəlif çaplı patronlar, BDU-33, MK-106, MK-76 tipli təlim bombaları, Mk. 4 MOD 3 tüstü raketləri və s. tapılıb.