09/04/2018 17:50

ANAMA Xızıda 122 mm-lik raket, Sumqayıtda F-1 əl qumbarası aşkarlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, aprelin 9-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 sm dərinlikdən 1 ədəd 122 mm-lik raket (9M22S) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş raketin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Kərim Kərimov küçəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş əl qumbarasının ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.