30/08/2017 09:34

ANAMA: Xızıda 3 gün ərzində 119 ədəd partlamamış hərbi sursat götürülüb

Avqustun 27-də Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bütün şəxsi heyəti digər aidiyyati qurumların dəstəyi ilə həmin əraziyə cəlb olunub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, avqustun 29-da hərbi hissənin ətrafına, 6 yaşayış evinə, 2 ferma ərazisinə, əkin sahəsinə, otlaq sahəsinə, Məşədi Həsən kənd qəbirstanlığının yaxınlığına, su kanalına, istixananın yaxınlığına və telestudio ərazisinə baxış keçirilib, 83 ədəd partlamamış hərbi sursat və 227 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb. Nəticə etibarilə 3 680 615 kv.m əraziyə yoxlanılıb.

Ümumilikdə, 3 gün ərzində 4 000 615 kv. m (400.06 ha) əraziyə baxış keçirilərək, 119 ədəd partlamamış hərbi sursat və 264 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində   536 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.