30/08/2019 01:26

ANAMA: “Yataq”dan 5 ədəd aviabomba aşkarlanıb – FOTO

Avqustun 29-da saat 21:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Muşfiqabad qəsəbəsi, “Yataq” adlanan ərazidə 5 ədəd bombaya oxşar əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində pirotexnik maddə olan aviobomba (TAB-50) və 4 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan aviobomba (3 ədəd TAB-50 və 1 ədəd TAB-7) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviobombaların ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.