17/12/2014 08:41

Ankara şəhərində Azərbaycan-Türkiyə Yüksək səviyyəli Hərbi Dialoqu keçirilir

Türkiyənin Ankara şəhərində Azərbaycan-Türkiyə Yüksək səviyyəli Hərbi Dialoqu keçirilir.

“AzeriDefence”nin məlumatına görə, iclasda Azərbaycandan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir.

Azərbaycan nümayəndə heyətində Müdafiə Nazirliyi ilə yanaşı digər hərbi qurumların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri təmsil olunur.

Azərbaycan nümayəndə heyətinin proqramına Türkiyənin Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Sənayesi Katibliyində görüşlər daxildir.

İclasda Türkiyə tərəfdən aparıcı müdafiə sənayesi şirkətlərinin nümayəndələri də təmsil olunur. Türkiyə müdafiə sənayesi şirkətlərinin həyata keçirdiyi bəzi layihələr barədə Azərbaycan heyətinə təqdimatlar edilib.

İclasda növbəti il və perspektiv dövr üçün əməkdaşlıq planları müzakirə olunur.