28/04/2012 17:00

“Ansat” hidromexaniki idarəetmə sistemləri ilə testlərdən müvəffəqiyyətlə keçdi

Rusiyanın Kazan Helikopter Zavodu (KVZ) “Ansat” yüngül çoxməqsədli mülki helikopterinin hidromexaniki idarəetmə sistemlərə malik birinci təcrübi nümunəsinin ilk nümayişini müvəffəqiyyətlə keçirib. Bu barədə “AzeriDefence”yə “Roshelikopter” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

KVZ tərəfindən “Ansat”ın hidromexaniki idarə sisteminə malik iki prototipi istehsal edilib. Bunlardan biri uçuşlar, digəri isə yerüstü sınaqlar üçün nəzərdə tutulub. Sınaqlar 2011-ci ildən aparılır.

Artıq Rusiya və xarici sifarişçilər tərəfindən yeni idarə sisteminə malik “Ansat”a maraq ifadə edilib. Bu helikopterin ənənəvi MDB ölkələri bazarları ilə yanaşı cənub-şərqi Asiya, Afrika, Mərkəzi və Cənubi Amerika bazarında da yer alacağı proqnozlaşdırılır.

Məlumatda qeyd olunub ki, bu gün “Ansat” proqramı elektrik-distans idarə sistemiylə hərbi sferada müvəffəqiyyətlə inkişaf edir. Rusiya Müdafiə Nazirliyi uçuş məktəbləri üçün “Ansat-U” tipli tədris helikopteri alır. KVZ-də isə helikopterin müxtəlif modifikasiyaları üzrə eksperimental dizayn işlər davam etdirilir. Həmçinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış uçuş-texniki, iqtisadi və istismar xüsusiyyətlərinə malik “Ansat” helikopterinin yaradılması üçün baza modelinin müasirləşdirməsi aparılır.