27/07/2016 15:16

“Araz” zavodundakı partlayışla bağlı cinayət işi açılıb

İyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş vermiş partlayışla əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatı yayılıb.

Bu barədə “AzeriDefence” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verib.

MSN-nin Şirvan “Araz” zavodunun utilizasiya sahəsində baş vermiş partlayışdan sonra, hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub. Zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınıb və hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.
FHN bildirir ki, fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq idarəsində cinayət məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və digər zəruri prosesual hərəkətlər aparılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.