13/08/2016 09:22

“Arlan” zirehli maşınlarının ilk partiyası Qazaxıstan Ordusunda silahlanmaya qəbul olunub

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” şirkətinin istehsalı olan “Arlan” (“Marauder”) zirehli maşınlarının ilk partiyası silahlanmaya qəbul olunub.

“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi əluata görə, maşınlar Silahlı Qüvvələrin müvafiq bölmələrinə verilib.

Müəssisənin mühəndisləri tərəfindən hərbçilərə maşından istifadə etmək üçün təlimlər də keçirilib.

İlk dəfə olaraq “Arlan” maşını müxtəlif modifikasiya və silahlanmada bu ilin iyununda keçiriən KADEX-2016 müdafiə sənayesi məhsulları sərgisində nümayiş olunub.

Qeyd edək ki, “Arlan” (“Marauder”) minaya qarşı qoruması olan şəxsi heyətin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir. İordaniya, BƏƏ, Azərbaycan və dünyanın bir çox ölkələrinin silahlanmasında mövcud olan “Marauder” “dünyanın ən yaxşı zirehinə malik” təkərli maşınlarından biri hesab olunur. Tam təchizatlı 10 əsgəri daşıya bilən maşın yüksək müdafiə imkanlarına malikdir. İkiqat müdafiəli korpusa malik “Marauder”in ballistik müdafiəsi NATO-nun STANAG 4569 level 3 (7,62 x 54 mm çaplı güllələr), minaya qarşı qoruması STANAG 4569 3A və 3B (korpusun altında 8 kq, təkərin altında 14 kq TNT partlayışına, yanda 50 kq partlayıcıya) səviyyəsinə cavab verir. Maşının çəkisi 15000 kiloqram təşkil edir.

Qazaxıstan Ordusu tərəfindən sifariş verilmiş maşın üzərinə 12,7 mm çaplı NSVT puleyotu qurulmuş SARP distans döyüş modulu ilə silahlandırılıb. Bu döyüş modulu “Kazakhstan ASELSAN Engineering” şirkəti tərəfindən istehsal edilir.