28/11/2018 13:24

“Arlan” zirehli maşınlarının növbəti partiyası Qazaxıstan Ordusuna təhvil verilib

“Kazakhstan Paramount Engineering” (KPE) şirkəti yeni modernizə edilmiş “Arlan” zirehli maşınlarının növbəti partiyasını Qazaxıstan Müdafiə Nazirliyinə və xüsusi xidmət orqanlarına təhvil verib.

Bu barədə “AzeriDefence”yə KPE şirkətinin mətbuat xidmətindən məlumat verilib.

“Arlan” çoxməqsədli zirehli maşınlar Qazaxıstan Silahlı Qüvvələrinin tələbləri və tövsiyələri nəzərə alınaraq KPE-in konstruktor bürosunda hazırlanıb. Yeni “Arlan”lar analoqundan Qazaxıstanın hava şəraitinə uyğun olması ilə fərqlənir. Digər yeniliklər isə qışda maşının istismarı zamanı mühərrikin startdan əvvəl qızması, effektiv istimə sistemi və Qazaxıstan istehsalı olan radiostansiya ilə təchiz edilməsidir.

Yeni istehsal edilən “Arlan” zirehli maşınında diqqəti cəlb edən yeniliklərdən biri də döyüş modulunun kabinə daxilindən idarə edilməsi ilə bağlıdır. İstənilən hava şəraitində və 360 dərəcə dönmə imkanına malik döyüş modulu ekstremal şəraitlərdə döyüş aparılan ərazilərdə müdafiəni təmin etmək üçün çox effektlidir. Döyüş modulu bütünlükdə KPE konstruktor bürosunun mühəndisləri tərəfindən hazırlanıb.

Bununla belə Qazaxstanın sifariş uyğun olaraq zirehli maşınların radiasiya, kimyəvi və bioloji müdafiə sistemli konfiqurasiyaları da istehsal olunub. Məhz bunun sayəsində maşın qaz və kimyəvi-bioloji hücumlar zamanı radiasiya tozlarına qarşı müdafiə olunur. Bununla yanaşı, nəqliyyat vasitəsinin havalandırma sistemi bir neçə saat ərzində maşın daxilindəki havanı təmizləyə bilir.

Yeni “Arlan” zirehli maşınında ekipaj heyəti üçün erqonomika əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Əks istiqamətli rabitə əlaqələri, istilik sistemləri müasirləşdirilib. Bununla da, “Arlan” zirehli maşınının Qazaxıstanın payına düşən istehsalı 70 faizə qədər artırılıb.

Qazaxıstanın xüsusi xidmət orqanları zirehli maşınların yeni partiyasını “Alan” adlandırıblar. Xüsusi xidmət orqanları üçün hazırlanan maşınlar yüksək ballistik müdafiəyə malikdirlər. Etibarlı daşıma, daxili həcminin genişliyi, maksimum manevr etmə qabiliyyəti, ən çətin hava şəraitində belə istismarı və sürətinin 160 km/saata qədər artırılması zirehli maşını əvvəlki istehsaldan xeyli fərqləndirir.