25/06/2019 11:06

“Army-2019” sərgisi işə başlayıb – FOTOLAR

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “Army-2019“ V Beynəlxalq Hərbi-Texniki Forum öz işinə başlayıb.

“AzeriDefence”nin sərgidə iştirak edən baş redaktoru Rəşad Süleymanovun verdiyi məlumata görə, sərginin açılışını Rusiya Baş nazirinin müavini Yuri Borisov edib. Y.Borisov foruma qatılan nümayəndə heyətlərini salamlayıb və altı gün davam edəcək sərgidə hər bir iştirakçı dövlətə uğurlar arzulayıb.

Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də iştirak edir. Forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur və məhsullarını mümayiş etdirir. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdədir.

“Army-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli paviliyonda Müdafiə Sənayesi Nazirliyi əsasən ixrac yönümlü məhsullarını – snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdirilir.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “AzeriDefence”yə açıqlamasında bildirib ki, müdafiə və ikili təyinatlı məhsulların nümayiş etdirildiyi “Army-2019” sərgisi səmərəli danışıqlar aparmaq və hərbi-texniki sahədə təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək üçün geniş imkanlar yaradacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiyanın dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.

Qeyd edək ki, “Army-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumu iyunun 30-dək davam edəcək.