21/02/2018 18:01

Artur Rasi-zadə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirini qəbul edib

Fevralın 21-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan Baş nazir Artur Rasi-zadə, iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müxtəlif istiqamətlər üzrə faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu xatırladan baş nazir, xüsusən, kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, loqistika, turizm və humanitar sferalarda birgə layihələrin səmərəliliyini vurğulayıb.

Daha sonra İranlı qonaq nümayəndə heyətinin səfər müddətində  keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə Azərbaycanın baş nazirinə ətraflı məlumat verib.

Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm,  ekstremizm və terrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Baş nazir Artur Rasi-zadə həmçinin bu kontekstdə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Xocalı soyqırımının ağır nəticələrini xatırladan baş nazir Ermənistanın qeyri-konstruktiv, perspektivsiz siyasət apardığını nəzərə çatdırdı və mövcud münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.

Öz növbəsində İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Əmir Hatəmi bildirib ki, İran beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir.

Qəbulda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi olub.