24/11/2017 13:26

Artur Rasi-zadə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

Noyabrın 23-də baş nazir Artur Rasi-zadə Azərbaycanda səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qəbul zamanı Azərbaycanla Pakistan arasında hərbi-sənaye sahəsində əlaqələrə böyük əhəmiyyət verildiyi bildirilib. İqtisadi və müdafiə sahələrində əməkdaşlığın hər iki ölkənin qüdrətinin artmasına xidmət etdiyi vurğulanaraq, bu istiqamətdə qarşılıqlı faydalı münasibətlərin daha da dərinləşdirilməsi, hərbi-texniki və kadr hazırlığı, şəxsi heyətin təhsili, məqsədyönlü təlimlərin və təcrübə mübadilələrinin keçirilməsi, müdafiə sənayesi sahəsində mövcud potensialdan səmərəli yararlanmağın vacibliyi nəzərə çatdırılıb.

Dünyada gedən qlobal proseslər fonunda Ermənistanın separatizmə söykənən işğalçılıq siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını deyən baş nazir Artur Rasi-zadə Pakistanın bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəklədiyini minnətdarlıqla qeyd edib.

General Zübair Mahmud Hayat Pakistan dövlətinin bundan sonra da aparılan mübarizədə daim Azərbaycanın yanında olacağını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.

Qəbulda iqtisadi və hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.