21/06/2016 16:19

Artur Rasizadə Mərkəzi Çağırış Komissiyasının tərkibini təsdiqlədi

Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibini və “2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nü təsdiq edib.

Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Qərarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına iyulun 1-dən 30-dək vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək tapşırılıb.

Baş nazir Artur Rasizadənin imzaladığı qərarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının sədri, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev isə Komissiya sədrinin müavini, Abbas Vəlibəyov (səhiyyə nazirinin müavini), Oruc Zalov (daxili işlər nazirinin müavini), Ragim Lətifov (fövqəladə hallar nazirinin müavini), Toğrul Musayev (ədliyyə nazirinin müavini), Azad Ələkbərov (Dövlət Sərhəd Xidməti rəisinin müavini) və Niyazi Hacıyev (Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini) Komissiyanın üzvü təyin olunub.