19/04/2017 13:35

Arzu Rəhimov Ağcabədidə vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Ağcabədi rayonunda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”ə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Beyləqan, İmişli, Füzuli, Ağcabədi və Ağdam rayonlarından olan 25 sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, şəhid adının və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.