16/02/2017 19:03

Arzu Rəhimov cənub bölgəsində vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Astara rayonunda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan 38 sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.