18/07/2019 15:35

Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyulun 18-də İmişlidə vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Qəbul zamanı Beyləqan, Füzuli və İmişli rayonlarından olan hər bir vətəndaşın müraciət və təklifi dinlənilib. Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağcabədidə Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 30 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, şəhid adı və statusunun verilməsi, övladlarının təkrar tibbi müayinəyə göndərilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.