17/05/2018 17:26

Arzu Rəhimov Samuxda vətəndaşları qəbul edib

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Samuxda vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Qəbulda Gəncə, Mingəçevir, Naftalan, Samux, Goranboy, Göygöl, Daşkəsən şəhər və rayonlarından 40 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.