13/02/2018 13:54

Arzu Rəhimov: Səfərbərlik Xidməti ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz tövhələrini verib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ötən müddət ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz tövhələrini verib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6 illiyi münasibəti ilə təşkil olunmuş tədbirdə çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.

A.Rəhimov bildirib ki, ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyədə icrasını təmin etmək məqsədi ilə 6 il ərzində Xidmət tərəfindən müvafiq tədbirlər görülüb: “Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağrılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı, savadlı kadırlarla komplektləşdirilməsi, maddi texniki bazanın gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də digər sahələrdə əhəmiyyətli nəticələr əldə edilib”.

A.Rəhimov qeyd edib ki, Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələriylə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyyatda olan resursların çağrılması, toplanaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsinin yoxlanılması məqsədiylə mütəmadi olaraq praktiki məşğələlər keçirilib.

“Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi qaydaları işlənilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilmiş ehtiyyatda olan zabit və gizir hazırlığı, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi üçün namizədlərin göndərilməsi təmin olunub. Bununla yanaşı Xidmətin aparatının nəzarət qrupları və yerli idarə-şöbə bölmələrin nəzarət qrupları ilə, eləcə də zonalar üzrə səfərbərlik şöbə və bölmələrinin şəxsi heyətləri ilə səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilib, Silahlı Qüvvələrə təyin edilmiş hərbi nəqliyyat vasitələrinin texniki vəziyyəti və toplanmasının praktiki təşkili yoxlanılıb”, – deyə Xidmət rəisi vurğulayıb.