25/06/2019 14:22

Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi ilə görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən general-leytenant Arzu Rəhimov ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən İsmail Hakkı Köseali Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər iki ölkənin müvafiq qurumları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin digər sahələrdə əməkdaşlığın davam etdirilməsinin ikitərəfli əlaqələrə müsbət təsir edəcəyini xüsusi qeyd ediblər.