31/07/2015 09:24

Arzu Rəhimov Zaqatalada vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Zaqatala şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbulda 45 sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.