22/04/2017 21:26

“ASELSAN Bakı” yeni sektorlara yönəlməyi planlaşdırır

Birol OĞUZ: ASELSAN Azərbaycanın da milli şirkətidir

Türkiyə müdafiə sənayesi sektorunun lokomotivi olan ASELSAN şirkəti müstəqilliyin ilk illərindən Azərbaycan Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq qurmuş və hər keçən il bu münasibətlər yeni layihələr hesabına daha da irəliyə götürülür. ASELSAN-ın Bakıda 20 il öncə qurduğu “ASELSAN Bakı” şirkəti də bu münasibətlərə öz töhvəsini verməkdədir. AZERİ DEFENCE jurnalı olaraq “ASELSAN Bakı” şirkətinin baş direktoru Birol OĞUZ-dan rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyəti, gələcək planları barədə fikirlərini öyrənməyə çalışdıq.

–   Birol bəy, ASELSAN şirkətinin Azərbaycana gəlişi haradasa 24 il əvvələ təsadüf edir. O gündən bu günə olan fəaliyyətiniz barədə nələri söyləyə bilərsiniz?

–    Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, ASELSAN Türkiyədən Bakıya gələn ilk şirkətlərdən oldu. 1992-ci ildən ASELSAN şirkəti Azərbaycan, Özbəkistan və Qazaxıstanda fəaliyyətlərə başladı. 1993-cü ildə ASELSAN və Azərbaycan arasında rabitə sistemlərinə dair ilk müqavilə imzalandı. Onu da deyim ki, ASELSAN-ın postsovet coğrafiyasında rabitə sistemlərini ixrac etdiyi ilk ölkə Azərbaycan olub. Bundan sonra, şirkət Azərbaycanda nümayəndəliyini açdı və 1998-ci il qədər işlərimiz nümayəndəlik üzərindən həyata keçirildi. Həmin vaxtlar şirkətimiz Azərbaycanda ilk satışını reallaşdırmaqla bərabər, satılan məhsullara texniki xidmətlər göstərirdi. Bununla yanaşı, özəl sektora da məhsullarımızı təqdim edirdik. 1998-ci ildə ASELSAN-in sərmayəsi ilə “ASELSAN-Bakı” şirkəti quruldu. “ASELSAN-Bakı” o vaxtdan iki sahədə fəaliyyət göstərir. Bunlardan biricisi, ASELSAN-ın Müdafiə Nazirliyi və digər güc strukturlarına satdığı məhsullara marketing ve logistik dəstək xidmətləri, digəri isə mülkü sahədə 10-15 il əvvəl mobil telefonların və rabitə sistemlərinin satışıdır.

–   ASELSAN tərəfindən Azərbaycana hansı rabitə və optik cihazların satışı həyata keçirilib?

–   Hansı cihazın təqdim olduğun demək Müdafiə Nazirliyi və ya digər qrumların verə biləcəyi cavabdır. Amma onu deyə bilərəm ki, ASELSAN-ın istehsal etdiyi rabitə cihazları və başqa sistemlər önəmli miqdarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alır. Bəzi sistemlər satışından 20 il vaxt keçməsinə baxmayaraq hələ də istifadə olunur. Bu da ASELSAN məhsullarının nə qədər keyfiyyətli olduğunu, eyni zamanda şirkətin texniki dəstəyinin nə qədər uzun müddətli olduğunun göstəricisidir.

–   Son vaxtlarda “ASELSAN-Bakı” şirkətinin fəaliyyətində bir canlanma müşahidə olunur. Şirkətin fəaliyyət strategiyasını yenidən müəyyənləşdirilməsi və irəliyə götürülməsi üçün hansı planlarınız var?

–  Doğrudur, qeyd etdiyiniz kimi son zamanlar “ASELSAN-Bakı” şirkətinin fəaliyyətində müəyyən irəliləyişlər var. Açığı bu da ASELSAN-ın Azərbaycanda müdafiə sahəsində fəaliyyətlərinin genişlənməsi ilə bağlıdır. Mülki sektordakı işlərimizdə isə canlanma yoxdur. Çünki neft qiymətlərinin düşməsi ilə əlaqədar yaşanan çətinliklər bizə də öz təsirini göstərdi. Tikinti firmaları, turizm sahələri nə qədər çoxalarsa rabitə cihazlarımızı alan müştərilərimiz də o qədər artar. Lakin iki ildir mülkü sektorda işlərimiz aramla gedir. Daha öncə söylədiyim kimi, ASELSAN-ın Azərbaycandakı işlərinə kömək göstərir və bunun müqabilində şirkətdən qazanc əldə edirik. Onu da qeyd edim ki, “ASELSAN-Bakı” hərbi şirkət olmadığı üçün hərbi qurumlara cihazların satışını edə bilmir. Buna icazəmiz yoxdur. Yalnız mülki sahədə işlər həyata keçiririk.

–   Azərbaycanın mövcud qanunları müəyyən lisenziya qarşılığında hərbi məhsulların satışına icazə verir. İşləri genişləndirmək, satılan sistemlərə texniki təmir xidmətlərinin “ASELSAN-Bakı” tərəfindən göstərilməsi, müəyyən məhsulların istehsalı baxımından belə bir icazə almağı düşünürsünüzmü?

–   Bu əslində ASELSAN-ın strategiyasıdır. ASELSAN adına da bu strategiyanı yönəltmək, və ya bununla bağlı nə isə söyləmək mənim ixtiyarımda deyil. “ASELSAN-Bakı” olaraq deyə bilərəm ki, şirkətimizin məqsədi yalnız müdafiə sənayesi sektoruna girmək deyil. Azərbaycan və ASELSAN-ın hər hansı bir məhsulun istehsalında ortaq şəkildə iş görməsi lazımdır. ASELSAN  hansı ölkədə fəaliyyət göstərirsə, o ölkənin şirkətləri ilə istehsalı bərabər həyata keçirir. İstəyirik ki, müdafiə sənayesi sektorunda bacarıqlarımızı tərəfdaşlarımıza da öyrədək. ASELSAN 1975-ci ildə fəaliyyətə başladığı zamanlardan bu yana müəyyən çətinlikləri görə görə gəlir. ASELSAN olaraq bu yoldan keçdik. Bir vaxtlar istehsala “Philips” rabitə vasitələri ilə başlayan ASELSAN-ın satış həcmi milyon dollardan milyard dollar səviyəsinə qalxıb. Hazırda dünyanın 100 müdafiə sənayesi şirkətinin siyahısında 58-ci yerdə qərarlaşan ASELSAN öz potensialına görə Türkiyə və ümumilikdə Türk dünyasında ən böyük müdafiə sənayesi qurumudur. Yaxın bir neçə il ərzində dünyanın ilk 50 ən böyük şirkəti arasında yer almağı qarşımıza məqsəd olaraq qoymuşuq və buna nail olacağımıza ümidvaram. Hal-hazırda İordaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə ortaq layihələr var. Pakistanda isə ASELSAN-ın lisenziyası ilə rabitə vasitələri istehsal edilir. Biz istəyirik ki, Azərbaycanda da belə olsun. Azərbaycanın müdafiə sənayesi sahəsində öz strategiyası var. Daha çox kənardan texnologiyanı alıb, istehsalını özü etmək istəyir. Biz öz növbəmizdə Azərbaycana bu yolda da dəstək verməyə hazırıq.

Azərbaycana bir sistem veririksə onun texniki baxışı da burada həyata keçirilməlidir. Onları bərabər hazırlaya, yaxud qeyd etdiyim kimi, Azərbaycana özü istehsal etməsi üçün lazım olan texnologiyanı transfer edə bilərik. Bir məhsulu istehsalı etmək üçün ona hakim olmaqla başlamaq lazımdır. Hansısa məhsulun təmirini həyata keçirdikdən bir neçə il sonra, onun yenidən dizaynını, daha sonra hətta yeni versiyasının istehsalını da reallaşdırmaq mümkündür.

–   Mülki sahədə işləriniz yalnız rabitə satışından ibarətdir, yoxsa təmir işlərin də yerinə yetirirsiniz?

–  Əsas fəaliyyətimiz ASELSAN istehsalı olan mülki rabitə cihazlarının satışı, onların təmiri, texniki dəstəyin göstərilməsindən ibarətdir. ASELSAN-ın Trunk rabitə sistemləri var. Bu sistem tərəfimizdən satışla yanaşı icarəyə də verilir. Sözügedən rabitə sistemini icarəyə götürmək istəyən müştəri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən icazə aldıqdan sonra, bizdən ehtiyac duyulan cihazları götürür. İstifadə etdikdən sonra istədiyi zaman geri qaytara bilir. Onlardan abunə haqı ilə bərabər icarə haqqı da alınır. Trunk rabitə sistemini satın alanlar isə yalnız ayda abunə haqqı ödəyir. Abunəçilər “ASELSAN Bakı”nın tezliyindən və sistemlərindən istifadə edirlər.

–  Birol bəy, “ASELSAN Bakı” şirkəti tərəfindən hazırda Azərbaycanda mülki sektora hansı rabitə cihazları təklif edilir?

–  Rabitə cihazları tezlik şəklinə görə dəyişir. Həvəskar və profsional tezliklərdə olan radiostansiyalarımız var. Profsional VHF və UHF radiostansiyaların sadə və mürəkkəb modelləri mövcuddur. Bir sözlə demək olar ki, 5-6 model rabitə sistemini mülki sektora təklif edirik. Bundan başqa yeni texnologiyaya sahib rabitə cihazlarımız var və 2016-cı ildə Azərbaycana nümunə üçün bir miqdar cihazı gətirib təqdimatını keçirdik. Onlardan 4700 (daşınan, avtomobil üçün, stasionar, yaxud da tərəflər arasında rabitə yaradan xüsusi qurğu) ailəsinə daxil olan radiostansiyaları qeyd edə bilərəm. Bunlar hazırkı şəraitdə Azərbaycan bazarı üçün bəlkə də biraz bahalı sayılır. Daha çox profsional olduğu üçün dövlət idarələrinin istifadəsində uyğundur. Sözügedən rabitə cihazlarını tədricən Azərbaycan bazarına çıxarmağı planlaşdırırıq. Bu cihazlar keyfiyyəti yüksək, ən son texnolgiya hesab olunur. Hazırda satışı üçün fəaliyyətimiz davam edir.

–  Azərbaycanda daha hansı layihələri nəzərdən keçirirsiniz? Rabitə sektorundan kənar sektorlarda fəaliyyət imkanlarını necə görürsünüz?

–  “ASELSAN-Bakı” olaraq yalnız rabitə deyil, təhlükəsizlik sektorunda ASELSAN-ın Türkiyədə həyata keçirdiyi layihələrin bənzərlərini Azərbaycanda da reallaşdırmaq istəyirik. Bunlardan kamera mühafizə, giriş-nəzarət, təhlükəsizlik sistemlərinin Azərbaycan bazarına təqdim edilməsi üçün fəaliyyətlərimiz davam edir. Əlavə olaraq qeyd edə bilərəm ki, ASELSAN-ın Türkiyədə son dövrlərdə mülki sektora yönəlmiş fəaliyyətlərində canlanma yaşanır. Onlardan dəmir yolu, şəhər mühafizəsi sistemləri sahəsində əldə olunan nailiyyətləri qeyd etmək olar. Bundan başqa 2016-cı ildə Müdafiə Sənayesi Katibliyi (SSM) ilə ASELSAN arasında imzalanmış müqaviləyə əsasən Türkiyədə bütün vilayət və rayonlarda mühafizə prosesinin tək bir mərkəzdən idarə olunması həyata keçiriləcək. Biz bu layihəni Azərbaycana da təklif etmək istəyirik. Habelə Bakı Metropoliteninin elektron sistemlərinin yenilənməsi üçün də təkliflər vermək, bu layihələrə qatılmaq istəyirik.

–  Bu yaxınlarda ASELSAN boru kəmərlərinin güvənliyi sistemini təqdim etdi və Türkiyə ərazisindəki kəmərlərin mühafizəsinə dair BOTAŞ şirkəti ilə müqavilə imzaladı. Azərbaycanda da bu sektora yönəlik fəaliyyətləriniz olacaqmı?

–   Türkiyədə BOTAŞ ilə boru kəmərlərinin təhlükəsizliyi sahəsində işləyirik. Düşünürəm ki Azərbaycanın bu layihədə yeni müşadə-nəzarət radar sistemlərinə ehtiyacları ola bilər. Bunlarla bağlı bizim təqdimat fəaliyyətlərimiz davam edir. Təlabat olduğunda bu sistemləri tədbiq etməyə hazırıq.

– 2010-cu ildə ASELSAN tərəfindən “Alov” zavoduna A-100 gecəgörmə cihazlarının timsalında texnologiya transferi gerçəkləşdirildi. Bu tip  layihələr gözlənilirmi?

–  Belə layihələrin planda olduğunu deyə bilmərəm. Onu deyə bilərəm ki, bizim niyyətimiz və təkliflərimiz var. Digər tərəfdən, bu tip layihələr Azərbaycanın verəcəyi qərara bağlıdır. Hər zaman bildirmişik, sadəcə təmir işləri deyil, istehsalın da Azərbaycanda olması lazımdır. Bu qərarın reallaşması üçün öhdəmizə düşən nə varsa etməyə hazırıq.

–  ASELSAN-ın 3-4 ildi üstünlük verdiyi sahələrdən biri də kosmos sahəsidir. Azərbaycan da bu sahədə yeni-yeni adımlar atır. Türkiyənin rabitə naziri Azərbaycanda səfərdə olanda birlikdə layihələrin həyata keçirilməsinin vacibliyinə toxundu. Bu məsələdə Azərbaycanla bağlı ASELSAN-ın planları varmı?

–   Türkiyə kosmik sənayeyə son illərdə diqqət yetirməyə başlayıb. Biz ASELSAN olaraq bu sahədə eloktronika, rabitə və görüntüləmə sistemlərinin yaradılmasında üzərimizə düşəni edirik. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, kosmos, tank, təyyarə kimi texnologiyalarda bəzi ölkələrin bir yerdə işləməsində fayda var. Maliyyə dəstəyi, araşdırma və yaradılma xərclərinin bərabər qarşılanması, nəticədə ortaya çıxan sistemlərin bərabər istifadəsi faydalıdır. Misal üçün qeyd edim ki, ABŞ ən müasir təyyarəni istehsal edərkən müttəfiq olduğu ölkələrlə birlikdə, onların da maliyyə dəstəkləri ilə işə başladı. Bu texnologiyalara xərclənən sərmayə az deyil. Bir də bizim kimi yeni inkişaf etməkdə olan ölkələr bu maddi xərclərin tam olaraq öhdəsindən gələ bilmir. Türkiyə, Pakistan və Azərbaycan kimi yaxın ölkələr ortaya müəyyən qədər sərmayə qoyub bir texnologiyanı istehsal edə bilər. Bu bizim başqa ölkələrə asılılığımızı da azaldacaq. Həm də maliyyə xərcləri ilk anda yüksək olsa da, sonra düşəcək. Eyni zamanda təcrübə qazanacağıq.

–   “ASELSAN-Bakı” şirkəti Azərbaycanda istədiklərinə nail ola bilirmi?     

–   ASELSAN üçün Azərbaycan tək bir sərmayə qazanılacaq yer deyil, sadəcə burada olmağın vacibliyi düşünüldü və “ASELSAN-Bakı” şirkəti quruldu. Biz ASELSAN olaraq da keçmişdə çox sıxıntılar yaşadıq, embarqolar, əngəlləmələr gördük və bunlar yenə davam edir. Biz ABŞ və ya Avropadan bəzi şeylər alırıq. Lakin bəzi ölkələrə verəcəyimiz zaman o məhsulu bizə vermirlər. Sonra baxırıq ki, bizə o məhsulu verməyən həmin ölkə başqa firmaya verir. Məsələ sadəcə verməmək deyil, bizim verməyimizə mane olmaqdır. Deyir sən satma, başqası satsın oraya. Artıq öz mühəndisimiz, öz texnologiyamız var. Sıxıntılar irəliləməyə də yol açır. Biz maneə ilə qarşılaşdığımız zaman daha çox özümüz yaratmağa başlayırıq. İstərdik ki, bu günə qədər işlədiyimiz Qazaxıstan, İordaniya, Səudiyyə Ərəbistanda və digər ölkələrdə olduğu kimi Azərbaycanda da bir müəssisəmiz olsun. Gələcək illərdə Azərbaycanın köməyi və dəstəyi ilə bir çox ölkələrdən daha faydalı işlər görə biləcəyimizə inanırıq. Azərbaycan Silahlı Qüvvələri əminəm ki, istifadə etdiyi ASELSAN məhsullarının çoxundan razıdır. Prezident İlham Əliyevin və müdafiə naziri Zakir Həsənovun cəbhə xəttindəki ziyarətləri zamanı Türkiyə, İsrail və Rusiyadan alınan sistemləri görürük. Bunlar Azərbaycan Ordusunun imkanlarını və torpaqlarını geri alması üçün lazım olan gücü təmin edəcək sistemlərdir. Ordunun daha yeni texnologiya ilə təmin edilməsi üçün Azərbaycan müdafiə sənayesini genişləndirərkən ASELSAN-a da bir qapı açılarsa, biz öz texnologiyamızı, qabiliyyətlərimiz bölüşməyə, Azərbaycana transfer etməyə hazırıq. Biz 20 ildən çoxdur burdayıq, daha neçə 20 illər də var olacağıq. Önəmli olan bu varlığı inkişaf etdirməkdir. Onun üçün də müvafiq tapşırığın verilməsini gözləyirik. ASELSAN-ın baş direktoru Faiq Ekenin sizinlə olan müsahibəsində dediyi kimi, biz tək Türkiyənin deyil, Azərbaycanın da milli şirkətiyik. Türkiyə və Azərbaycan bizim üçün eynidir.

–   Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkədə müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı bəzi müddəalar da yer alıb. Bunlardan biri də birgə müəssisələrin yaradılmasıdır. Sizin də bununla bağlı fikirləriniz maraqlı olardı.

–   Qeyd etdiyiniz yol xəritəsi ölkənin bundan sonrakı inkişafının konturlarını göstərir. Burada Azərbaycanın müdafiə sənayesi sektorunun hazırkiı səviyəsi, əldə olunan uğurların davam etdirilməsi də öz əksini tapır. Düşünürəm ki, bu xətti əsas götürərək Azərbaycanın müdafiə sənayesinin inkişafına öz töhfəmizi vermək üçün birgə fəaliyyətimizi davam etdirməliyik. Biz də bunu bir mesaj və tapşırıq olaraq aldıq. Lakin bundan sonrakı fəaliyyət, hansısa addıın atılması bizim tək başımıza verə biləcəyimiz qərar deyil. Əsas olan Müdafiə Nazirliyinin ASELSAN-la bağlı və ya fəaliyyəti sahəsində ehtiyacı olan sistemlərin olub-olmadığının müəyyənləşdirməsidir. Biz Müdafiə Sənayesi Nazirliyi ilə hər hansı məhsulun istehsalı barədə razılıq əldə edə bilərik. Lakin bu məhsulları Müdafiə Nazirliyi və digər güc strukturları istismar edəcəyi üçün ilk öncə onların qərar verməsi lazımdır. O qərar verildikdən sonra, MSN ilə işlər daha asan gedəcək. Yəni, Müdafiə Nazirliyi təyin etməlidir ki, ASELSAN məhsullarına hansı miqdarda ehtiyacı var və neçə il istifadə edəcək. Bu həm bizə, həm də Müdafiə Sənayesi Nazirliyinə verilən tapşırıq olacaq. Ondan sonra, biz MSN ilə bir yerdə həmin texnologiyanın istehsalını həyata keçirə bilərik.

Cənab Prezidentin qoyduğu istiqamət çox önəmlidir. Mən uzun müddətdir demək istəyirəm ki, Azərbaycan müdafiə sənayesi sahəsində böyük bir büdcəsi var, bu büdcə ilə çox firmanı ölkəyə cəlb edib yatırıma yönləndirə bilər. Çünki dünyada bu bazar çox böyük olsa da ixraca açıq bazar o qədər də çox deyil. ABŞ müdafiə sənayesi sektoruna çox sərmayə xərcləyir. Amma 95 faizini öz şirkətlərindən alır. Hansısa şirkətin ABŞ bazarına girməsi üçün o qədər də şansı yoxdur. Bazar dediyimiz yerlər Orta və Uzaq Şərq, Qafqaz regionlarıdır. Onların çoxusunda da iqtisadi çətinlikdən büdcə sıxıntısı yaşanır. Azərbaycan büdcəni daxildə istifadə etdiyi müddətdə iqtisadiyyatı güclənməyə başlayacaq. Çünki Müdafiə Sənayesi Nazirliyi texnologiya inkişafını təmin edəcəyi zaman profsional işçilər işlətməyə başlayacaq və onlara daha çox məvacib verəcək. Bu Azərbaycanda və kənarda oxumuş gənclərin ölkəyə qayıtmasın təmin edəcək. ABŞ, İngiltərə, Almaniya və digər ölkələrdə oxumuş gəncləri az məvacibə burada işlətmək mümkün deyil. Onların yüksək maaş müqabilində ölkəyə gətirilməsi istehsalçıların daha yaxşı işlər görməsinə səbəb olacaq. Şirkətlərin yaxşı iş görməsi üçün də xaricə xərclənən pulların daxilə xərclənməsi lazımdır.