28/02/2012 14:08

ASELSAN dünyanın 87-ci ən ən böyük müdafiə şirkəti olub

Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SİPRİ) dünyanın iri silah istehsalçılarının 2010-cu ilə aid siyahısını nəşr edib. “AzeriDefence”nin məlumatına görə, reytinq cədvəlində ötən il dünyanın iri hərbi sənaye müəssisələrinin 411,1 mlrd. ABŞ dolları məbləğində məhsul satdığı göstərilib.

Reytinq cədvəlində ilk beşliyə isə ABŞ şirkəti olan “Lockheed Martin” (35,73 mlrd. dollar), Böyük Britaniyaya məxsus “BAE Systems” (32,88 mlrd. dollar), ABŞ-ın “Boeing” (31,36 mlrd. dollar), “Northrop Grumman” (28,15 mlrd. dollar) və “General Dynamics” (23,94 mlrd. dollar) şirkətləri daxildir.

Rusiyanın hərbi sənaye müəssisələrindən isə 11-nin adı dünyanın 100 ən iri silah-sursat istehsalçısı şirkətinin reytinq cədvəlində yer alıb. Statistika dövründə Rusiya şirkətləri 18,6 mlrd. dollar məbləğində hərbi məhsul satıb. Reytinq cədvəlinə 20-ci yerdə hava hücumundan müdafiə sistemləri istehsal edən “Almaz-Antey” şirkəti, 21-ci yerdə Birləşmiş Aviatikinti Korporasiyası qərarlaşıb.
Qeyd edək ki, Stokholm Beynəlxalq Dünya Problemlərini Araşdırma İnstitutunun bu nəşri ildə bir dəfə dünyanın iri hərbi sənaye müəssisələrinin reytinq cədvəlini dərc edir.

Siyahıda Türkiyədən cəmi bir – ASELSAN şirkəti yer alıb. ASELSAN 792 mln. ABŞ dolları satış həcmi ilə dünyanın ən iri 100 müdafiə şirkəti arasında 87-ci olub. Qeyd edək ki, ASELSAN 2009-cu ildə bu siyahıda 95-ci idi.