27/05/2018 22:12

ASELSAN elektromaqnit topun çöl şəraitində sınaqlarına başlayır

Yaxın günlərdə ASELSAN şirkəti elektromaqnit topun açıq sahədə atış sınaqlarına başlayacaq.

Bu barədə “AzeriDefence”yə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KADEX-2018 sərgisində ASELSAN şirkətinin baş direktorunun müavini Mustafa Kaval bildirib.

Kavalın sözlərinə görə, “Tufan” adı verilmiş elektromaqnit top (rail gun) zavod sınaqlarından keçib. İlk dəfə olaraq çöl şəraitində – poliqonda atış sınaqları keçiriləcək.

ASELSAN rəsmisi hesab edir ki, sifariş olarsa, yaxın 2-3 il ərzində “Tufan”ın seriyalı istehsalına başlanılması mümkündür.

Qeyd edək ki, “Tufan” elektromaqnit top ilk dəfə 2017-ci ilin may ayında İstanbulda İDEF-2017 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.