02/06/2018 21:38

ASELSAN elektromaqnit topun sınaqlarını yekunlaşdırdı – FOTOLAR

ASELSAN şirkəti tərəfindən hazırlanmış “Tufan” adlı elektromaqnit topun açıq sahədə atış sınaqları keçirilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) məlumat yayıb.

SSM silahın atış testlərinin uğurla tamamlandığını duyurub.

ASELSAN şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, yaradılmasına 2014-cü ildə başlanan elektromaqnit topun (Railgun) ilk atış testləri 26-29 dekabr 2016-cı il tarixlərində baş tutub və ilk atışlar uğurlu alınıb. Topun yaradılması üçün ASELSAN nəzdində xüsusi laboratoriya yaradılıb.

Elektromaqnit topun mərmisi atış zamanı barıtlı silahlara nisbətən daha yüksək çıxış sürətinə malikdir və bu da daha uzun məsafədə yüksək məhvetməyə imkan verir. Bu öz növbəsində gələcəkdə adi silahlara nisbətən önəmli üstünlüklərə malik uzun mənzilli silahların yaradılmasında təməl olacaq.

ASELSAN mütəxəssislərinin sözlərinə görə, elektromaqnit top yüksək sursat enerjisi və 2000-2500 m/saniyə sürətlə sursatın çıxış sürəti sayəsində 300 km üzərində məsafəyə atəş açmağa imkan verəcək. “Tufan” artilleriya sistemi, habelə hava hücumundan müdafiə vasitəsi kimi istifadə oluna biləcək. Bu sistemin qarşıdakı illərdə idarə olunan hipersonik sursat texnologiyası sayəsində əldə edilən nailiyyətlər hesabına balistik raketlərə qarşı müdafiədə də istifadəsi proqnozlaşdırılır.