21/08/2019 16:01

ASELSAN-ın gəlirləri 10.2 milyard ABŞ dollarını ötüb

Türkiyənin ASELSAN şirkətinin büdcə gəlirləri 10.2 milyard ABŞ dollarını keçərək şirkətin fəaliyyəti müddətində ən yüksək zirvəyə yüksəlib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətinin mətbuat xidmətindən məlumat verilib.

ASELSAN 2018-ci ildə büdcə gəlirlərini 9.1 milyard ABŞ dolları ilə bağlayıb. 2019-cu ilin ilk altı ayında həyata keçirdiyi tədarüklə yanaşı, 1.8 milyard dollar dəyərində yeni müqavilələr bağlayıb.

Bu müqavilələr arasında 841 milyon avro dəyərində “Altay” milli tankın seriyalı istehsalı layihəsi, 241 milyon ABŞ dolları dəyərində Pakistan ATAK helikopteri layihəsi və 113 milyon ABŞ dolları dəyərində modulyar müvvəqqəti baza bölgəsi layihəsi kimi böyük layihələr yer alır.

Şirkət mütəxəssislərinin sözlərinə görə, 2019-cu ilin əvvəlində Beynəlxalq Marketinq Birliyini yenidən quran ASELSAN Türkiyə başda olmaqla Asiya və Afrika ölkələrində təsirini artırır. Bu istiqamətdə Qambiyaya son ixracı ilə ASELSAN məhsul ixrac etdiyi ölkələrin sayını 64-ə çatdırıb.

ASELSAN 2019-cu ilin iyun ayının sonunda əvvəlki ilin eyni dövrü ilə müqayisədə satışlarını 41 faiz artıraraq 9 milyard Türk lirəsinə (TL) çatdırıb və şirkətin mənfəəti də eyni dövrdə 42 faiz artıb.

ASELSAN-ın maliyyə hesabatlarındakı müsbət məqam iyul ayı ödəmə rəqəmlərində də öz əksini tapıb. Ödəmə miqdarı 2019-cu ilin ilk altı ayının orta göstəricisindən 690 milyon TL-dən (122 milyon ABŞ dolları) çox olub.

Məlumatda o da qeyd olunub ki, dünyanın ilk 100 müdafiə sənaye şirkəti (Defense News Top-100) siyahısında 52-ci sırada qərarlaşan ASELSAN müdafiə sahəsində liderliyini gücləndirərək 2019-cu ilini 40-50 faiz artımla bağlamağı hədəfləyir.