10/11/2017 12:33

ASELSAN “İqla” ZRK buraxıcı sisteminin testlərini tamamladı – FOTOLAR

ASELSAN Qazaxıstan Ordusu üçün 2014-cü ildən üzərində işlədiyi maşınüstü “İqla-1” və bununla paralel olaraq digər ölkələrdən olan müştərilər üçün nəzərdə tutulan “İqla-S” zenit-raket buraxıcı sistemin testlərini tamamlayıb.

Şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, inteqrasiya fəaliyyətləri avqust ayında tamamlandıqdan sonra Qazaxıstana göndərilən “İqla-1” sistemi sentyabr ayında ilk olaraq Qazaxıstan Ordusunun nümayəndələrinə nümayiş etdirilib və bununla paralel atışlı testlərlə kalifikasiyası tamamlanıb.

Hər cür nəqliyyat platformasına (Land Rover Defender, “Marauder”, BRDM-2, BTR-70, MTLB) inteqrasiya oluna bilən buraxıcı sistemin testləri stasionar qurğuya bərkidilməklə həyata keçirilib. Qazaxıstanın Otar Test Mərkəzində gerçəkləşdirilmiş atışlı testlərdə öncə raket sabit hədəfə kilidlənib. Daha sonra edilən atışla hədəf dəqiqliklə vurularaq məhv edilib. Bundan sonra hərəkətli hədəf olaraq istifadə edilən işıqlandırma minasına qarşı istifadə olunan ZRK bu hədəf tipini də vurub. Həm sabit, həm də hərəkətli hədəflərə qarşı uğurlu atışları tamamlayan “İqla-1” kompleksi hərbçilər tərəfindən yüksək qiymətləndirilib.

Oktyabr ayının 2-dən 6-dək İstanbuldakı Şilə poliqonunda testləri keçirilən “İqla-S” raket buraxıcı sistem isə gecə və pis hava şəraitlərində hədəflərin aşkarlanması, izlənilməsi və analizinə imkan verən kompüterləşdirilmiş atış-nəzarət funksiyasına sahibdir. kompleksin üzərində atışa hazır 4 ədəd “İqla-S” raketi və 12.7 mm çaplı pulemyot yer alıb. Modulyar dizayna malik sistem istənilən təkərli yüngül nəqliyyat vasitəsinə, yaxud zirehli maşına montaj edilə bilər. Sistem maşınlar hərəkət halında olduqda belə atəş açmağı bacarır.

KMS sistemləri ilə bənzər arxitekturaya və qabiliyyətlərə malik “İqla-S” raket buraxıcısı testlərdə “Otokar” şirkətinin istehsalı olan “Land Rover Defender” maşına inteqrasiya olunmuş halda və bir ədəd “Qalxan” radarı və HERİKKS-lə sistemləşdirilmiş şəkildə sınaqdan çıxarılıb. Hədəf olaraq PUA-nın istifadə edildiyi testin ilk hissəsində “İqla-S” raketinin HERİKKS-ə inteqrasiyasının nümayişi olub. Belə ki, HERİKKS vasitəsi ilə “İqla-S” raket buraxıcısı “Qalxan” radarı tərəfindən təsbit edilən hədəfə uğurla kilidlənib və bundan sonra atış həyata keçirilib. Sistemin limitlərini çətinləşdirəcək şəkildə seçilən ssenari çərçivəsində gerçəkləşdirilən atışlarda yüksək dəqiqlik əldə olunub.