29/06/2012 07:09

ASELSAN KMS sifarişlərini tamamladı

ASELSAN şirkətinin hazırladığı Türkiyənin ilk milli havadan müdafiə sistemi olan KMS sisteminin təhvil-təslimi tamamlanıb. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, sifariş üzrə son 5 ədəd KMS sistemi Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Aşağı məsafədə havadan müdafiə üçün nəzərdə tutulmuş KMS əsas silah olaraq “Stinger” raketindən istifadə edir. Sistemin bütün funksiyaları kompüterləşdirilib və son texnologiyalardan istifadə olunub.

KMS sistemi 2005-ci ildə Niderland Ordusunun elan etdiyi tenderdə qalib gəlib. Niderland ordusunda sistem “Atılqan” və “Zıpkın” olmaqla iki ayrı konfiqurasiyalarda istifadəyə qəbul edilib.

“Atılqan” hərəkət vəziyyətində zirehli birlikləri hava hücumlarından qorumaq məqsədi ilə yaradılıb və tır-tırlı zirehli nəqliyyat vasitəsinə inteqrasiya olunub. Bu sistemdə nəqliyyat vasitəsi hərəkət halında olduqda belə raketlərin atıla bilməsini təmin edən stabilizator sistemi yaradılıb. “Zıpkın” isə dəniz və hava qüvvələrinin bazalarının qorunması üçün yaradılıb.