10/06/2018 20:55

ASELSAN lazer silahının sınaqlarını bitirdi – FOTO /VİDEO

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış lazer silahın sahə testləri keçirilib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Lazer Müdafiə Sistemi (Lazer Savunma Sistemi – LSS) adlanan silah ərazidə və yaşayış məntəqələrində istifadə məqsədi ilə zirehli maşına inteqrasiya olunub.

LSS şübhəli əşyaların və əldəqayırma partlayıcıların, yaşayış məntəqələrində istifadə edilən örtülərin və digər maneələrin, habelə mini pilotsuz uçuş aparatlarının aşkarlanması və məhv edilməsi məqsədi ilə yaradılıb.

ASELSAN İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgünün ev sahibliyində keçirilən testlərə müdafiə sənayesi katibi İsmail Dəmir də qatılıb.

Sınaqlarda LSS-in bir maşın üzərindən istənilən bölgəyə sürətli dislokasiyası, bundan sonra əldəqayırma partlayıcılara, yolda qurulan maneələrə, hücum və kəşfiyyat məqsədi ilə uçan mülki dronlara qarşı effektivliyi nümayiş etdirilib. LSS altına partlayıcı maddə bağlanmış PUA-nı təhlükəsiz bir məsafədə partlatmağı bacarıb. Bundan başqa, LSS mini PUA-nın kamerasını da yandıraraq zərərsizləşdirib.

Sistemin yüksək güclü lazeri, həssas izləmə və stabillləşdirmə qabiliyyətli qüllə, hədəfləməni təmin edən termal kamera, gündüz kamerası və lazer şüasını hədəfə tuşlayan optik cihaz ASELSAN tərəfindən milli və yerli imkanlar hesabına hazırlanıb. LSS hər hansı bir lisenziya və ixrac icazəsinə bağlı olmadan milli olaraq istehsal edilib.