26/09/2017 18:23

ASELSAN “Nəfər” silah qülləsini ixrac edəcək

Yeni silah qülləsi seriyalı istehsala hazırdı, iki ölkədən sifariş alınıb

ASELSAN Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə milli imkanlar hesabına “Nəfər” adlı silah qülləsi hazırlayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

25/30 mm çaplı topla silahlandırılmış yüngül, aşağı siluetli qüllənin bütün təkərli və tırtıllı zirehli maşınlara inteqrasiyası mümkündür. ASELSAN-ın məsafədən idarə olunan silah sistemləri ailəsinin yeni üzvü olan “Nəfər”in kalifikasiya işləri tamamlanıb və seriyalı istehsala hazırdır.

Mütəxəssislərin sözlərinə görə, “Nəfər” silah qülləsi həm NATO, həm də rus mənşəli silahları istifadə edən ölkələr üçün ideal bir sistemdir. 25/30 mm-lik avtomatik toplar və tank əleyhinə raketlərlə yanaşı qüllədə elektro-optik sistemlər və əlavə silah olaraq 7.62 mm çaplı pulemyot yer alır.

Qüllə gecə/gündüz şərtlərində, hərəkət halında belə sabit və hərəkətli hədəflərə qarşı yüksək effektiv atəş açmağa imkan verir.

Bu ilin sonunadək Körfəz bölgəsindən və Asiyadan iki fərqli müştəri ilə imzalanacaq müqavilə öncəsi qüllənin atış testləri keçiriləcək.

Məlumatda o da qeyd olunub ki, ASELSAN-ın məsafədən idarə olunan silah sistemləri 14 fərqli ölkədə, 40-dan artıq fərqli maşın üzərində istifadə olunur.