14/02/2017 01:20

“Kazakhstan Aselsan Engineering”in SARP-ı “Arlan” üzərində sınaqdan çıxarıldı – FOTO   

“Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin istehsalı olan “Arlan” (orijinal adı “Marauder”) zirehli transportyorunun Qazaxıstan Müdafiə Nazirliyinin poliqonlarında sınaqlarına başlanılıb.

“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, 2016-cı ilin dekabrından silahlı qüvvələrin invertarına daxil olan “Arlan”ın sınaq testləri “Şıqıs” poliqonunda keçirilir və maşının qış mövsümündə işlək imkanları araşdırılır.

İriçaplı atıcı silahlardan atəş açmaqla maşının zireh örtüyünün dayanıqlığı öyrənilib.

Bundan başqa “Arlan” üzərinə inteqrasiya olunan “Kazakhstan Aselsan Engineering” şirkətinin istehsalı olan SARP döyüş modulu da ilk dəfə olaraq burada sınaqdan çıxarılıb.

Xatırladaq ki, SARP döyüş modulu üzərində 12.7 mm və ya 7.62 mm-lik pulemyot , yaxud 40 mm-lik avtomatik qumbaraatan yer ala bilir. Döyüş modulunun sursat ehtiyatı 12.7 mm çaplı pulemyot üçün 400 patron, 7.62 mm çaplı pulemyot üçün 1000 patron, 40 mm-lik qumbaraatan üçün 96 qumbaradır.

Döyüş modulu -30/+60° bucaq altında yüksəklikdəki hədəflərə atəş açmağa imkan verir. Sistem hərəkət halında belə hədəflərə yüksək dəqiqliklə atəş açmaq, gecə və gündüz görmə, hədəfin avtomatik şəkildə təqibi, balistik hesablama, məsafə ölçmə, kompüter bazalı atış-kontrol funksiyaları, sursatın bitməsi barədə xəbərdarlıq və digər özəlliklərə sahibdir.

Onu da qeyd edək ki, “Arlan” çoxməqsədli zirehli maşını Qazaxıstan Silahlı Qüvvələrinin tələbləri və tövsiyələri nəzərə alınaraq KPE-in konstruktor bürosunda hazırlanıb.

Gücləndirilmiş mina əleyhinə müdafiəyə malik “Arlan”ın korpusu V dizaynına əsaslanır. Maşının heyəti 2+8 əsgər, döyüş çəkisi 16 ton, sürəti 100 km/saat təşkil edir. “Arlan” – 50⁰, +50⁰ sərt iqlim şəraitində istismara uyğunlaşdırılıb.

“Arlan”la yanaşı KPE müəssisəsində “Nomad” (“Maverick”) adlı daxili təhlükəsizlik maşını (ictimai asayişin pozulması zamanı istifadə üçün), 6×6 və 8×8 təkər formuluna malik “Barıs” (“Mbombe”) zirehli döyüş maşını istehsal olunur.