09/03/2018 09:47

ASELSAN-nın TƏİR döyüş modulu silahlanmaya daxil olacaq -FOTO

Türkiyənin ASELSAN şirkəti yerli imkanlar hesabına 2, 4 və 8 ədəd tank əleyhinə idarəolunan raketlərlə silahlandırılan yeni döyüş modulu yaradıb.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ədəd tank əleyhinə idarəolunan raket (TƏİR) qülləsinə quraşdırılmış kompüter sistemi operatorun işini yüngülləşdirib. Atış-kontrol sistemi gecə-gündüz və istənilən hava şəraitində hədəflərə qarşı yüksək effektiv atış həyata keçirməyə imkan verir. Bunun üçün sistem adi kamera ilə yanaşı termal kamera ilə təchiz olunub.

Distans idarə olunan və stabilləşdirilmiş döyüş moduluna “Hellfire”, “Javelin”, “Kornet-E”, OMTAS, “Shershen” və s. TƏİR quraşdırıla bilir. Bununla yanaşı döyüş modulu özünü müdafiə üçün 25 mm-lik avtomatik top, 12.7 və ya 7.62 mm çaplı pulemyotla silahlandırıla bilər.

Döyüş modulu silahlanmaya daxil ediləcək.

Döyüş modulu yüngül, yığcam və yüksək hərəkət qabiliyyətli zirehli döyüş maşınlarına inteqrasiya etmək üçün əlverişlidir.

İnteqrasiya olunduğu maşın hərəkətdə olduğu halda hədəfi müşahidə və izləmək imkanı təmin edən TƏİR qülləsi lazer məsafəölçənlə təchiz edilib. Hədəf koordinatlarına avtomatik olaraq yönələn sistem üfiqi müstəvidə 360 dərəcə bucaq altında atəş etmə imkanına sahibdir.