31/07/2015 12:54

ASELSAN və HAVELSAN Türkiyənin LPD gəmisinin təchizatında yer alacaq

Türkiyənin LPD (Landing Platform Docks) layihəsi çərçivəsində ASELSAN-HAVELSAN ortaqlığı ilə “Sədəf” tərsanəsi arasında amfibiya gəminin döyüş elektronikası ilə təchizatına dair müqavilə imzalanıb.
Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

ASELSAN – HAVELSAN ortaqlığı ilə “Sədəf” tərsanəsi arasında imzalanmış müqavilədə ASELSAN-ın payı 127 milyon 127 min avro, HAVELSAN-ın payı isə 87 milyon avro təşkil edəcək.

Layihədə ASELSAN tərəfindən gəminin mexaniki çıxarma vasitələri və maşın/heyət çıxarma vasitələri üzərində yer alacaq Rabitə və Peyk sistemləri, İFF sistemi, 12.7 mm STAMP və 25 mm STOP silah sistemləri, Akustik və Sonar Sistemləri, Radar Sistemləri, elektron hərb sistemləri, infraqırmızı axtarış və təqib sistemi, lazerə qarşı sistem, elektro-optik sistemlər və naviqasiya sistemləri təmin olunacaq.

HAVELSAN şirkəti isə gəminin Şəbəkə Dəstəkli Döyüş İdarəetmə Sistemi (ADVENT), Gəmi İnformasiya Paylaşım Sistemi, CCTV sistemi, Mesaj İşlətməsi, Link-11/16/22 taktik rabitə sistemlərivə gəmi üzərinə qurulan milli Amfibiya Əməliyyat Mərkəzi ilə Desant Əməliyyat Mərkəzinə aid Komanda-Kontrol və İnformasiya Sistemlərini (KKBS) hazırlayacaq.