30/04/2015 13:11

ASELSAN yeni məhsullarını təqdim edəcək – MÜSAHİBƏ

ASELSAN-ın baş direktoru: “Hər zaman Azərbaycan Ordusunun ehtiyaclarını Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı ilə eyni gördük, onun qarşılanmasına eyni cür yanaşdıq”Son illər müdafiə sənayesi sektorunda sürətli inkişaf yaşayan ASELSAN şirkəti bu il də sektora öz yeniliklərini təqdim etməyə hazırlaşır. AZERİ DEFENCE jurnalı olaraq ASELSAN şirkətinin baş direktoru Faiq Ekenlə müsahibəmizin də əsas istiqaməti yeni layihələr və planlar oldu. Biz soruşduq, F. Eken isə yeniliklər barədə məlumat verdi.

– Faiq bəy, müsahibəmizə ASELSAN-ın 2014-cü ildə fəaliyyəti, əldə etdiyi nəticələr və 2015-ci il üçün planları ilə başlamaq istərdik. Geridə qalan 2014-cü il ASELSAN üçün necə bir il oldu? 2015-ci il üçün həm yeni şirkətin qlobal səviyyədə genişlənməsi baxımından planlarınız nədir?

– Qeyd etmək istərdim ki, ASELSAN olaraq, 2014-cü ildə həm böyümə, həm satış, həm də mənfəətlə bağlı qarşıya qoyduğumuz hədəflərə nail olduq. Satışlarımızda təxminən 7% civarında bir artım baş verdi. 200 milyon ABŞ dollarından artıq ixracat həyata keçirdik. Dolayısı ilə bütün göstəricilərinə görə, 2014-cü ilin bizim üçün uğurlu olduğunu deyə bilərəm. Biz ötən dövrdə Qazaxıstan və İordaniyada bu ölkənin müdafiə sənayesi qurumları ilə birgə təsis etdiyimiz müəssisələrimizi istifadəyə verdik. Bu genişlənmə düşünürəm ki, qarşıdakı illərdə də davam edəcək. 2015-ci il üçün hədəflərimiz daha böyükdür. Bu il də şirkət olaraq həm satışlarda, həm də ixracatda inkişafı hədəfləyirik. Bildirim ki, 2015-ci ildə önəmli inkişaf gözlədiyimiz ölkələrdən biri də Azərbaycandır. Azərbaycanla 2014-cü ildə çalışmalarımızı artırdıq. Azərbaycanın ehtiyaclarını daha yaxşı qarşılayacaq, daha yaxşı xidmət edəcək həllər hazırladıq. 2015-ci ildə bunların layihə olaraq həyata keçəcəyimizə ümid edirəm.

– Faiq bəy, ASELSAN-ın TOP-100 sıralamasında 2014-cü il üçün yerini necə görürsünüz?

– 2013-cü il TOP-100 sıralamasında 67-ci yerə yüksəldik. 2014-cü ilin nəticələri hələ açıqlanmayıb. Amma mən ötən il satışlarımızın artması ilə əlaqədar daha üst mərtəbəyə çıxacağımızı düşünürəm. Təbii ki, biz yaxın bir neçə il ərzində dünyanın ilk 50 ən böyük şirkəti arasında yer almağı qarşımıza məqsəd olaraq qoymuşuq və buna nail olacağımıza ümidvaram.

– Bu il ASELSAN hansı yeni məhsulları istifadəçilərinə təqdim etməyi planlaşdırır?

– Qarşıdan İDEF sərgisi də gəlir. Yəqin orada bunların bir qismi də təqdim olunacaq.Biz inşallah İDEF-də yeni yaradılmaqda olan Aşağı Hündürlükdə Havadan Müdafiə Sisteminin bəzi hissələrini – atış kontrol sistemlərini, radarını təqdim edəcəyik. Hazırda “Qorqud” adlı zenit topu üzərində çalışırıq. FNSS şirkətinin paletli platforması üzərində yerləşən “Qorqud”un radarı uzaq məsafədən hədəfləri və havadan atılan mərmiləri təsbit edir, hesablamanı aparır, daha sonra silahı avtomatik olaraq hədəfə yönləndirir və “ağıllı” mərmilərlə atəş açır. Mərmilər ona verilən informasiya üzrə təyin edilmiş məsafədə partlayaraq bir növ dəmir divar yaratmış olur. “Qorqud” üzərində MKE istehsalı olan iki ədəd 35 mm top yer alır. Bu sistem artıq test mərhələsinə gəlib və testlər hazırda uğurla davam edir. Düşünürəm ki yaxın bir il içində testlər başa çatandan sonra sistem silahlanmaya qəbul olunacaq.

Türkiyədə hazırda uğurla tətbiq olunan bazaların və zastavaların təhlükəsizliyi ilə bağlı bir sistem formalaşdırdıq (yeni nəsil sərhəd məntəqələri – red). Bu hərbi bölgəni, sərhəd zastavalarını xarici təhdidlərdən, xüsusilə də minaatan və raket hücumlarına qarşı mühafizəsi məqsədi ilə yaradılıb. Sistemə radar, gecə və gündüz kameraları və buna inteqrasiya olunmuş silah sistemləri daxil olmaqla müxtəlif sensorlar daxildir. Bu personalın bayıra çıxmadan öz obyektini mühafizə etməsini təmin edən böyük və özəl təhlükəsizlik həllidir. Qeyd etdiyim kimi, bu sistem istifadəyə yeni verilib və uğurla istifadə olunur.
Bundan başqa, rabitədə də yeni məhsullarımız var. Məsələn, yeni TASMUS sistemi üçün yeni bir radiolink hazırladıq. Bu 100 Mbit və yuxarı sürətlərdə çalışa bilən bir radiolinkdir və bazara yeni çıxır. Bildiyiniz kimi, bizim VHF və UHF rabitəsində geniş çeşiddə məhsullarımız var. Qısa dalğa ilə ionesfer üzərindən rabitə əlaqəsi qurmağa imkan verən yeni bir HF radio ailəmiz də var. Onu da qeyd edim ki, ASELSAN ilk dəfədir bu dalğada radiostansiya istehsal etdi. Bunun tək yerüstü deyil, dəniz və hava platformaları üçün də verisiyaları mövcuddur. İDEF-də biz bu radiostansiyaları da sərgiyə çıxaracağıq.
Elektro-optik sistemlərdə ASELFLİR-300T-nin daha kiçik versiyası olan KEDS adlı yeni bir FLİR kamera da hazırladıq. Düşünürəm ki, İDEF-də biz bu kameranı da nümayiş etdirəcəyik. KEDS bizim üçün son dərəcə önəmli bir məhsuldur. Bundan başqa radioelektron mübarizə vasitəsi kimi nəqliyyat vasitələrinə qurulan yeni sistemlərimiz, radar mövzusunda önəmli çalışmalarımız var.

– Hava hücumundan müdafiə mövzusu son illərdə ASELSAN-ın fəaliyyətində daha aktiv şəkildə üzə çıxmaqdadır. Bu sahədə şirkətinizin imkan və qabiliyyətləri barədə nələri söyləyə bilərsiniz?

– ASELSAN-ın hava hücumundan müdafiə sahəsindəki bəzi layihələri barədə məlumat verdim. Qeyd etmək istərdim ki, bu sahədə ASELSAN-ın çox böyük imkan və qabiliyyətləri var. Havadan müdafiə radarlarla başlayır. ASELSAN-ın radar sahəsində qısa və orta mənzilli radarları mövcuddur. Hazırda radiusu 400 km-dən çox olacaq uzun mənzilli radar üzərində işlər aparılır. Bununla bərabər hava hücumundan müdafiənin dayanıqlı çalışması üçün bir Komanda-İdarəetmə həllinə ehtiyac duyulur. ASELSAN bu Komanda-İdarəetmə həllini də hazırlayıb. Fərqli layihələrdə bunu 10 ildir Türkiyə Silahlı Qüvvələri istifadə edir.
Hava hücumundan müdafiənin önəmli elementlərindən biri də rabitədir. Rabitə olmadan hava hücumundan müdafiə bölmələrini inteqrasiya etmək mümkün deyil. Bu sahədə ASELSAN bütün həllərə və məhsullara A-dan Z-yə sahibdir. Onu da qeyd edim ki, Türkiyədə davam edən “Hisar-A” və “Hisar-O” layihələrinin əsas iştirakçısı ASELSAN-dır. ASELSAN bu layihələrin həm radar, komanda-idarəetmə, həm də raket tərəfində də var. Türkiyədə həyata keçirilən hər iki raketin infraqırmızı arayıcı başlıqlarını, habelə arayıcı başlıqların informasiyalarını mərkəzə ötürən linki ASELSAN hazırlayır. Bu mövzuda böyük qabiliyyətə malikik.

– ASELSAN-ın elektro-optik sahədə də sürətlə irəlləyişi və geniş çeşiddə məhsulları diqqəti cəlb edir. Hətta ötən il infraqırmızı detektorları istehsal edən mərkəziniz açıldı. Elektro-optiklə bağlı planlarınız nədir?

– Biz ASELSAN olaraq elektro-optik sektora böyük sərmayələr yatırmaqdayıq. Ötən il infraqırmızı detektorları istehsal edən zavodumuz fəaliyyətə başladı. Termal kameraların ən önəmli hissəsi detektorların istehsalıdır və bizim yeni zavodda bu detektorlar istehsal edilir. Vacib missiyalarımızdan biri də silahlı qüvvələrimizin, o cümlədən dost-qardaş ölkələrin silahlı qüvvələrinin xaricə bağlılığını sıfıra endirməkdir. Bunun üçün bir sıra kritik komponentlərin istehsalının yaradılmasına sərmayə yatırmağımız lazımdır. Bəzi məhsulların bəzi komponentləri – detektor da daxil olmaqla var ki, onlara sahib olmasaq, o məhsulda xaricə bağlı oluruq. Ona görə də detektor məsələsinə çox önəm veririk və bu sahədə böyük bir mərhələni keçdik. Bundan sonra elektro-optik kameralarımızda öz detektorlarımızdan istifadə edəcəyik. Bu bizim üçün olduqca mühümdür.

– Siz ionesfer üzərindən rabitə yaratmaq imkanına malik HF tezlikli yeni radiostansiyadan bəhs etdiniz. Bu məhsul barədə bir az detallı məlumat verə bilərsinizmi?

– Bu yeni bir radiostansiya ailəsidir. Məlumat üçün bildirim ki, bu cür cihazlar minlərlə kilometr məsafədə rabitə əlaqəsi yaratmaq üçündür. Bunun əsas avantajı istifadəçinin hər hansı bir ötürücü olmadan, ionosfer üzərindən istifadı etməklə, çox uzaq məsafədən əlaqə saxlaya bilməsidir. Ancaq dezavantajları da var. İonosfer hava və günəş şərləri altında tez-tez dəyişdiyi üçün istifadəsi bir az çətinləşir və bunun üçün təcrübə tələb olunur. Fəqət, rəqəmsal rabitə texnologiyasından istifadə edərək ASELSAN bu çətinliyi aradan qaldıra bildi. Bizim HF sistemində dəyişən kanallar tətbiq olunub. Yəni, cihaz uyğun tezlikləri avtomatik olaraq özü tapır. İstifadəçi əziyyət çəkmədən digəri ilə ən yaxşı tezlikdə əlaqə yarada bilir. Etibarlı şəkildə verilənləri göndərir. Əvvəllər yaşanan problemləri bu yeni sistem böyük ölçüdə aradan qaldırır. Bu cihazların içində həmçinin daxili modemi və kriptosu da mövcuddur. Rabitə cihazı səsi rəqəmsal formaya çevirərək kriptolayır və bununla da daha etibarlı rabitə yaradılmış olur. Səsi rəqəmsal olaraq 600 bit/saniyəyə qədər endirə bilirik. Bu rabitə sisteminin həm yer, həm dəniz, həm də hava platformaları üçün versiyaları mövcuddur. Yer platformaları üçün versiyallar 150 Watta qədər gücdədir. Kürəkdə daşınan rabitə cihazları 20 Watt, nəqliyyat vasitələri üçün 150 Watt, dənizdə 150-400 Watt və 1 kWt, hava platformaları üçün 150 Wattlıq versiyalarımız var. Hər üç platformadakı cihazlar bir-biri ilə uyumlu rabitə yaratmağa imkan verir.

– İnformasiya texnologiyalarının tətbiqinin artması ilə bərabər radioelektron təhdidlər və öz növbəsində buna paralel olaraq radioelektron mübarizə vasitələrin çəkisi ilbəil artır. Bu sahədə ASELSAN hansı imkanlara sahibdir?

– Radioelekton mübarizə elə bir sahədir ki, burada texnologiyalara tamamilə sahib olmasanız heç nə edə bilməzsiniz. Bu sahədə ən yaxşı məhsulu kənardan ala bilməniz imkansızdır. Biz son 30 ildə bu sahəyə önəm verdik. Bütün həlləri özümüz istehsal edə bilmək üçün bir yol xəritəsi hazırlayaraq irəlilədik. Antenasından başlayaraq, sistemlərin içindəki bütün modullaradək özümüz dizayn edə və istehsal edə bilirik. Burada çox vacib bir mövzu da bu cür cihazlarda yüksək tezliklərə və yüksək güclərə çıxdığınız zaman istifadə etdiyiniz tranzistor texnologiyası vacib hala gəlir. Çünki, istifadə etdiyiniz tranzistor texnologiyası hesabına çıxdığınız gücün səviyyəsi dəyişir. Bu sahədə günümüzdə bilinən ən qabaqcıl texnologiya qalium-nitrat (GaN) texnologiyasıdır. Bu texnologiya çox yüksək tezliklərdə olduqca əlverişli və təsirli güc çıxışını təmin edir. Biz bu texnologiyaya sahib olmaq istədik və nail olduq. Artıq Bilkent Universiteti ilə birgə qalium-nitrat texnologiyalarının istehsalını həyata keçirəcək AB-MikroNano şirkətinin təməlini qoymuşuq. Bu müsəssisədə istehsal olunacaq GaN bazalı çiplər radioelektron mübarizə, hava hücumundan müdafiə ilə yanaşı mülki texnologiyaların istehsalında geniş tətbiq ediləcək.

– ASELSAN eyni zamanda peyk sistemləri sahəsində də bəzi layihərdə yer almağa başlayıb.

– ASELSAN-ın məhsulları arasında müxtəlif peyk qəbulediciləri və rabitəcihazları mövcuddur. Qeyd etdiyiniz kimi, biz son illərdə Türkiyənin mühüm peyk layihərində yer almağa başladıq. Bu sahə dünyada gələcəyi olan bir sahədir. ASELSAN-ın bu günədək gəldiyi nöqtə, əldə etdiyi imkan və qabiliyyətlər kosmik sənayedə də öz sözünü deməyə imkan verəcək.

– Azərbaycanla bağlı planlarınız və əlavə etmək istədyiniz fikirlər varmı?

– ASELSAN olaraq biz hər zaman Azərbaycan Ordusunun ehtiyaclarını Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı ilə eyni gördük, onun qarşılanmasına eyni cür yanaşdıq. 1998-ci ildə ASELSAN-Bakı şirkətini qurmaqda da məqsədimiz bu oldu. Bizim bu gün Azərbaycan Ordusu və müdafiə sənayesi ilə üzərində işlədiyimiz bəzi layihələr var. Düşünürəm ki, bu layihələr Azərbaycan Ordusunun daha da güclənməsinə, müdafiə sənayesinin inkişafına öz töhvəsini verəcək. ASELSAN olaraq ilk gündən Azərbaycanın yanında olduq və bundan sonra da dəstəyimiz davam edəcək.