21/12/2017 14:23

Astarada top və minaatan mərmisi aşkralanıb – FOTO

Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonu, Ərçivan kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən həmin kənddə keçmiş hərbi hissə ərazisinə baxış keçirilib.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat – 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd 120 mm-lik minaatan mərmisi (U-OF-43) aşkar edilib. Havanın qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş mərmilər dekabr 21-də zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.