20/04/2013 06:13

Avropa hərbi şirkətlərinin qapısı Azərbaycana açılır

Bu da olduAvropanın bir sıra aparıcı dövlətləri Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz respublikalarına müdafiə təyinatlı məhsulların satışında “açıq qapı” icazəsi verib. “AzeriDefence.com” saytı bildirir ki, bununla uzun illərdən sonra, hərbi münaqişələrin yaşanması əsas gətirilərək, silah və hərbi texnika satışının yasaqlandığı region ölkələrinə Avropa firmalarının yolu açılmış olur.

AzeriDefence.com saytının eksklüziv sorğular əsasında hazırladığı məlumata görə, cari ildə Fransa, İtaliya, İspaniya, İsveç, Danimarka, Holllandiya, Xorvatiya və Polşa hökumətləri öz hərbi firmalarının Cənubi Qafqaz dövlətlərinə satışlarına icazə verib. Xüsusilə də erməni lobbisinin daha aktiv olduğu Fransanın firmaları regionda Azərbaycanla aktiv görüşmələrə başlayıblar.

Hazırda Fransa, İtaliya, İsveç və İsveçrənin aviasiya, dəniz, rabitə, komanda-idarəetmə, hərbi nəqliyyat vasitələri, müxtəlif atıcı silahların sistemlərinin istehsalı sahələrində ixtisaslaşmış THALES, Eurocorter, Selex, Agusta Westland, EADS Cassidian, Renault Trucks, İveco, Lacroix, MBDA, Beretta, Saab, Ruag, Bumar kimi firmaları Azərbaycan bazarına çıxış imkanlarını araşdırır.

Qeyd edək ki, indiyədək Avropa ölkələrindən Finlandiya, İsveçrə, Serbiya, Yunanıstan, Bolqarıstan, Çexiya, Slovakiya, Rumıniya, Macarıstan region ölkələrinə müəyyən silah və texnika satışı həyata keçirib. İngiltərə, Almaniya və Norveç isə qəti şəkildə bölgə ölkələrinə silah və hərbi texnika ixrac etmədiklərini və münaqişə davam edən müddətdə satılmayacağını bəyan ediblər.

Adıçəkilən ölkələrin uzunmüddətli məhdudiyyətlərdən sonra, belə bir qərarı qəbul etmələrinin səbəbləri açıqlanmayıb.