25/01/2013 07:04

Azərbaycan Türkiyədən uzaq mənzilli raket sistemləri alıb

Azərbaycan Türkiyədən uzaq mənzilli raket sistemləri alıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi Türkiyənin ROKETSAN şirkətinə istinadən məlumat yayıb.

T-300 “Qasırğa” adlı, 300 mm çaplı reaktiv raket sistemləri (Türkiyə Silahlı Qüvvələrində “Qasırğa” adı verilib) raket sistemləri 2010-cu ildə imzalanmış 244 milyon ABŞ dolları dəyərində satınalma müqaviləsi çərçivəsində alınıb.

“Bu raketlər hazırda Türkiyə Silahlı Qüvvələrində istifadə olunan analoqları ilə müqayisədə daha təkmildir”, – deyə məlumatda bildirilib. Sistemin özəllikləri və sayı barədə əlavə məlumat verilməyib.

Müqavilə çərçivəsində Azərbaycana həmçinin əlavə olaraq ROKETSAN istehsalı olan digər raket sistemləri də çatdırılıb.

Modern sistemlərlə təchiz olunmuş T-300 rəqibin 100 km-dən artıq uzaqlıqdakı kritik hədəflərini məhv etmək üçün hazırlanıb. Hazırda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan bu sistem 6×6 və ya 8×8 taktik təkərli nəqliyyat vasitələrinin üzərində yerləşir. Sistemə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır. T-300 sistemi avtomatik atış-kontrol sistemi ilə təchiz olunub.

Sistemin atəş açdığı 300 mm çaplı raketin ağırlığı 525 kq, döyüş başlığının ağırlığı isə 150 kq təşkil edir.