20/04/2017 18:42

Azərbaycan dağıdıcı silahını işə saldı – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin bu günlərdə davam edən təlimlərində ordunun arsenalında olan uzaq mənzilli raket və artilleriya sistemlərindən atışlar həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, təlimlərdə 30 km atış uzaqlığına malik 152 mm 2S19 “Msta-S” (NATO kodu M1990 “Farm”) özüyeriyən haubitsaları geniş istifadə olunur. Hansı ki, ordunun arsenalına yeni daxil olmuş bu artilleriya vasitələri 2016-cı ilin aprel döyüşlərində istifadə olunmayıb.

Təlimin ilk günü 9A52 “Smerç” yaylım-reaktiv atəş sistemindən də atışlar həyata keçirilib. Qeyd edək ki, Azərbaycan Raket-Artilleriya Qoşunlarının əsas silahlarından olan “Smerç”in çapı 300 mm, atış məsafəsi 80-124 km-dir.

Böyük dağıdıcı gücə malik “Smerç”in bir raketi 6.5 hektar, bir maşını isə yaylım atəşdə 78 hektar ərazini dağıdır.

“Smerç” sistemləri ilə Dağlıq Qarabağdakı istənilən hədəfi, o cümlədən Naxçıvan Muxtar Respublikasından İrəvan daxil olmaqla, Ermənistanın ərazisindəki əksər yaşayış məntəqələrini və strateji obyektləri vurmaq mümkündür.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ərazisindən İrəvan şəhərinə hava yolu ilə 70 km-ə yaxın məsafə var. İrəvandakı hədəflər faktiki olaraq böyük dağıdıcı gücə malik “Smerç” və “Qasırğa” raketləri ilə qısa müddətdə məhv edilə bilər.

Qeyd edək ki, Rusiya ötən il 200 milyon dollarlıq kredit anlaşması çərçivəsində Ermənistana 6 “Smerç” kompleksi satıb.