22/12/2015 20:36

Azərbaycan Daxili Qoşunları və Türkiyə Jandarma Baş Komandanlığı arasında əlaqələr müzakirə olunub

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyə Jandarma Baş Komandanlığının Baş Planlaşdırma və Prinsiplər İdarəsinin rəisi general-mayor Ahmet Hacıoğlunu qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı general-leytenant Ş.Məmmədov 1997-ci il oktyabrın 31-də Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış Protokoldan danışaraq, iki qurum arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. O, Türkiyə Jandarma Baş Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyə görə minnətdarlığını bildirib. Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan Jandarma zabitlərinin Qoşunların Ali Hərbi Məktəbində və hərbi hissələrindəki fəaliyyətindən razılığını bildirən general-leytenant Ş.Məmmədov qarşılıqlı münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişaf etdiriləcəyini söyləyib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə general-mayor A.Hacıoğlu Jandarma Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Türkiyə jandarma zabitləri barədə söylədiyi fikirlərə görə Daxili Qoşunlar Komandanına təşəkkür edən general-mayor A.Hacıoğlu, müvafiq istiqamətlərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına köməklik göstərməyə daima hazır olduqlarını bildirib.