28/02/2017 10:09

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Gürcüstana səfər edib – FOTOLAR

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-28-də Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi, polkovnik Dato Nikoleişvilinin dəvəti ilə bu ölkəyə səfər edib.

Bu barədə “AzeriDefence”yə Xidmətin mətbuat mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətləri arasında keçirilən görüşdə Azərbaycan-Gürcüstan sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində mövcud şərait, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin qaçaqmalçılığı, qadağan olunmuş malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri Azərbaycan-Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə görülən işlərin vəziyyəti, əməkdaşlığın əsasını təşkil edən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən təcrübə mübadiləsinin davam etdirilməsi və gələcək fəaliyyət isiqamətlərinin müəyyən edilməsi məsələlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı prezident İlham Əliyevin Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 20 fevral 2017-ci il tarixli Sərəncamına uyğun olaraq həmsərhəd ölkələr, o cümlədən Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin sürətli keçidinin təmin edilməsi məqsədi ilə qarşılıqlı əlaqələndirmə fəaliyyətlərinin təkmilləşdirilməsi zəruriliyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib,

Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıb.

Səfər çərçivəsində DSX nümayəndə heyəti Tiflis şəhərində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini də ziyarət edib.