13/02/2019 15:43

Azərbaycan DSX Sahil Mühafizəsinin rəisi Pakistan HDQ-nin Baş Qərargah rəisi ilə görüşüb – FOTOLAR

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Pakistan tərəfinin dəvəti ilə DSX Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 8-dən 12-dək Karaçi şəhərində keçirilən AMAN-2019 çoxmillətli hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edib.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, 9 fevral tarixində Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli dəniz işləri İnstitutu, Dəniz siyasəti üzrə milli araşdırma mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq dəniz konfransı öz işinə başlayıb.

Konfrans çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əklil qoyma mərasimi keçirilib. Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.

Beynəlxalq dəniz konfransın işində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak ediblər.

Səfər çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi ilə DSX Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin təkbətək görüşü keçirilib. Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub.