04/12/2017 12:41

Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını artıracaq

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı artırılacaq.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı prezident İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.

“Verilən bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır”, – deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, prezident İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün Azərbaycanın hərbi qulluqçularının sayını artıracağını bəyan edib.

Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2 oktyabr 2008-ci il tarixdə Milli Məclis Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 19 fevral 2009-cu il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirirdi. 5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərib.

2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını yerinə yetirir.